Real aikido özündə aikido, cüdo və ciu-citsu texnikasının qarışığını birləşdirən döyüş sənətidir. Yaradıcısı milliyətcə Serbiyadan olan, Real aikido və Ciu-citsu üzrə professor, 10cu Dan qara kəmər sahibi, qrandmaster Lyubomir Vraçareviçdir. Real aikido texnikasında yayındırıcı zərbələr, boğucu və sındırıcı fəndlər xüsusi yer tutur. Real aikidoda bir çox digər döyüş növlərində olduğu kimi kyu/dan dərəcə sistemi mövcuddur.
Real aikidonun dinamikliyi istənilən insanın fizioloji xüsusiyyətlərinə və yaranmış vəziyyətdə fəndlərin uyğunlaşmasına imkan verir. Burada bir çox fəndlərin kombinasiyasından istifadə etmək və lazımi vəziyyətlərdə bir texnikadan digərinə keçmək mümkündür.
Real aikidonun, xüsusilə mühafizə, təhlükəsizlik xidməti və polislər üçün əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Çünki, bu sistem silahsız şəkildə belə yaxın məsafədən bıçaq, tapança və s. kimi silahlardan özünü və digərlərini qorumağa imkanını verir. Real Aikidonun yaradıcısı olan L.Vraçareviçin Rusiyanın “Alfa” və “Kobra” kimi xüsusi təyinatlı dəstələrinin, Qazaxıstan və Makedoniya, Liviya, Zimbabve prezidentlərinin cangündənlərinin, Serbiya, Sloveniya və digər ölkələrin nüfuzlu şəxslərinin cangüdənlərinin hazırlanması kimi nailiyyətləri vardır.
Real aikido ilə məşğul olmaq üçün heç bir yaş məhdudiyyəti yoxdur. Onun böyüklərin qüvvələrin bərpasında və uşaqların isə psixi-fiziki inkişafında böyük rolu var. Vraçareviçin uşaqlar üçün “oyunlardan ustalığa doğru” adlı xüsusi metodikası var və 5-12 yaşlı uşaqlara real aikido bu metodika ilə öyrədilir. 2005-ci ildən isə real aikido Serbiyanın orta məktəblərində təhsil proqramına seçmə dərs kimi daxil edilib.







